aztb.info
http://aztb.info
aztb.info

20 YANVARA GEDƏN YOL

19-01-2022, 13:54 187 dəfə baxılıb




1985-ci ildə qəbul edilmiş yenidən qurma və aşkarlıq imperiyanin süqutunu sürətləndirdi. SSRİ-nin dağılmasının qarşısını almaq üçün müxtəlif yerlərdə milli qarşıdurma yaratmaqla xaqların diqqətini azadlıq uğrunda mübarizədən yayındırmaq lazım idi. Ona gorədə DQMV-də milli münaqişə ocağı qızışdırıldı. Eyni zamanda Ermənistanda yaşayan əhalinin sıxışdırılıb çıxarılması başlandı. 1988-ci ilin yanvarında Qafan və Mehridən ilk qaçqınlar gəlməyə başladı .Fevralın 24-də Əsgəranda iki azərbaycanlının qətlə yetirilməsi, 28 fevralda DTK-nın Sumqayıtda talanlar təşkil etməsi Azərbaycanda sabitliyi pozmaq, etnik düşmənçiliyi gücəndirmək məqsədi güdürdü. 1989-cu il yanvarında SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Azərbaycanda SSRİ-nin DQMV-də xususi idarə forması tətbiqi haqqında” qərar qəbul etməsi, iyulda Xankeəndindən azərbaycanlıların, Ermənistandan azərbaycanlıların kütləvi şəkildə qovulması xalqımızın səbrini daşdırdı. Çünki bütün bu hadisələr SSRİ hökumətinin gözü qarşısında baş verirdi. Moskva tədbir görmək, qayda-qanun yaratmaq əvəzinə açıq-aşkar şirnikləndirmə və silahlandırma siyasəti yeridirdi. SSRİ rəhbərliyinin antiazərbaycan siyasəti xalqımızı azadlıq uğrunda mübarizəyə qaldırmışdı.
1989-cu il dekabrın 31-də Naxçıvanda Sovet-İran sərhəd qurğuları söküldü. Azərbaycanda xalq hərəkatı elə bir mərhələyə çatmışdı ki, mart ayında keçiriləcək seçkilərdə milli qüvvələrin qalib gəlməsi labüd idi. Bu işə Azərbaycanın SSRİ-nin tərkibindən çıxması və SSRİ-nin dağılamsının başlanılması olacaqdı. Buna yol vermək olmazdı. Ona görə də Azərbaycana qoşun yeridib milli azadlıq hərəkatını qan içində boğmaq, Azərbaycan xalqını susdurmaq və SSRİ xalqlarına ibrət dərsi vermək lazım idi. Azərbaycana qoşun yeritmək üçün zəmin hazırlamaq məqsədi ilə 1990-cı il yanvarın 13-də Bakıda erməni talanları təşkil edildi. Bakıda olan 10 min nəfərlik daxili qoşun hissələri bunun qarşısını almadı. Milli Müdafiə Şurası bunun qarşısını alsada, heç bir ehtiyac olmadan SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 15-də “DQMV və bəzi digər rayonlarda fövqəladə vəziyyət” elan olunması haqqda fərman verdi. Respublika rəhbərliyi vəziyyəti sabiləşdirmək üçün heç bir tədbir görmür, vəziyyət getdikcə kəskinləşirdi. Bakıya əlavə qüvvələr gətirilirdi. Azərbaycanın səsini batırmaq, blokadaya almaq üçün yanvarın 19-da saat 20-də televiziyanın enerji bloku partladıldı. Yanvarın 19-dan 20-nə keçən gecə hər tərəfdən Sovet ordusunun Bakıya hücumu başlandı. Qırğına SSRİ Müdafiə Naziri Yazov rəhbərlik edirdi. Silahsız və heç nədən xəbəri olmayan insanlara atəş açıldı. Sovet tankları Bakının küçələrində hər şeyi məhv edir, küçləri qan gölünə çevirirdilər. Bakıda 131 nəfər həlak oldu, 744 nəfər yaralandı, 400 nəfər isə həbs edildi. Komminist Partiyasının törətdiyi bu dəhşətli cinayət Azərbaycan xalqının tarixinə “Qanlı yanvar” kimi daxil oldu. Yanvarın 20-də SSRİ Ali Sovet Rəyasət Heyəti “Bakı şəhərində fövqalədə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi. Bunun artıq heç bir əhəmiyyəti yox idi.
Azərbaycan xalqını susdurub sındırmaq mümkün olmadı. Azərbaycan xalqının səsini bütün dünyaya çatdıran Heydər Əliyev cənabları oldu. O, xalqı mübarizəyə səslədi. Azərbaycan xalqı tarixin imtahanlarından üzü ağ çıxdı. Öz qanı ilə şərəfli bir tarix yazdı. 20 yanvar xalqımızın şərəf tarixidir. 20 yanvar xalqımızın qəhərmanlıq salnaməsidir.
Azərbaycan xalqı şəhidlərin qanı bahasına müstəqillik qazandı. Bütün xalq Azərbaycanın dövlət müstəqilliyini bərpa etdi. Şəhidlərimizin qanı hədər getmədi. Allah Sizə rəhmət eləsin şəhidlər.
Sabunçu qəsəbəsi, 311 saylı tam orta məktəbin
tarix müəllimi Nəcəfalı Cahangirli





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mayıs 2022    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031