aztb.info
http://aztb.info
aztb.info

Birinci xanım Mehriban Əliyeva həm ictimai-siyasi, həm xeyriyyəçilik fəaliyyəti, həm də elmi yaradıcılığı ilə müasir dövrdə Azərbaycan qadınlarına nümunədir

10-03-2018, 14:46 294 dəfə baxılıb


Birinci xanım Mehriban Əliyeva həm ictimai-siyasi, həm xeyriyyəçilik fəaliyyəti, həm də elmi yaradıcılığı ilə müasir dövrdə Azərbaycan qadınlarına nümunədir.
AzərTAc xəbər verir ki, bu fikir iyulun 18-də Bakıda iki cilddən ibarət “Mehriban Əliyeva: tərəqqi və yüksəliş yolları ilə” kitabının təqdimat mərasimində səslənib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Yeni Azərbaycan Partiyası ilə birgə təşkil etdiyi mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.
Kitabın elmi redaktoru və ideya müəllifi Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı, elmi məsləhətçisi isə Bakı Dövlət Universitetinin sosial və pedaqoji psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Kamilə Əliyevadır.
İkicildlikdə birinci xanım Mehriban Əliyevanın Azərbaycan təhsilinin və mədəniyyətinin inkişafı sahəsində gördüyü işlər, onun ölkəmizi beynəlxalq aləmdə yüksək səviyyədə təmsil etməsi və xeyriyyəçilik fəaliyyəti ilə bağlı materiallar toplanıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbiri açaraq bildirib ki, Azərbaycanda hər zaman maarifçilik və xeyriyyəçilik ideyaları, milli mənəvi dəyərlər əsasında fəaliyyət göstərən, örnək kimi qəbul etdiyimiz qadınlar olub və indi də vardır. Onlar cəmiyyətimizin inkişafına öz töhfələrini veriblər. Bu baxımdan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva həm ictimai-siyasi, həm xeyriyyəçilik fəaliyyəti, həm də elmi yaradıcılığı ilə müasir dövrdə Azərbaycan qadınlarına nümunədir.
Komitə sədri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərin qorunması, qadın və uşaq hüquqlarının müdafiəsi, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və s. sahələrdə həyata keçirdiyi layihələrdən danışıb. O, kitabda Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktları ilə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində Fond tərəfindən görülmüş işlərin də yer aldığını diqqətə çatdırıb.
H.Hüseynova bu dəyərli ikicildliyin Azərbaycanın müasir inkişafının gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıdığını söyləyib.
Baş nazirin müavini, Xalq Yazıçısı Elçin Əfəndiyev bildirib ki, bu ikicildliyi oxumaqla hər kəs Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyətində bir tərəfdən milli dəyərlərin qiymətləndirilməsinin, milli sənətin inkişaf etdirilməsinin, digər tərəfindən isə bəşəri dəyərlərə ehtiramının şahidi olacaq, həmçinin birinci xanımın xeyriyyəçilik fəaliyyətinin, mədəniyyətimizin inkişafı naminə gördüyü işlərin miqyasını təsəvvür edəcək.
Elçin Əfəndiyev qeyd edib ki, Azərbaycanın birinci xanımının səyləri nəticəsində bu gün Avropanın müxtəlif ölkələrinin mədəniyyət mərkəzlərində, ən böyük teatr, konsert salonlarında incəsənət ustalarımızın ifaları səslənir, rəssamlarımızın əsərləri sərgilənir, mədəni irsimizin qədim və müasir nümunələri nümayiş etdirilir. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun xidmətlərini xüsusi qeyd edib.
Baş nazirin müavini diqqətə çatdırıb ki, Heydər Əliyev Fondunun müxtəlif sahələrdə həyata keçirdiyi layihələr beynəlxalq nüfuz qazanıb. Azərbaycanın dünya birliyində zəngin mədəniyyətə, qədim tarixə, tolerantlıq ənənələrinə malik bir dövlət kimi özünəməxsus yer tutması baxımından bu nüfuz böyük rol oynayır.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə elm və təhsilin inkişafı istiqamətində görülən işlərdən, bu sahədə həyata keçirilən proqramlardan danışıb, çoxlu sayda məktəb binaları və uşaq bağçalarının tikildiyini xatırladıb.
Akademik qeyd edib ki, Mehriban Əliyeva bütün xarici səfərlərində, keçirdiyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsini, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərində maddi-mədəniyyət abidələrini vəhşicəsinə dağıtmasını diqqət mərkəzində saxlayır, xoşməramlı səfir kimi bəşəriyyəti dialoqa və qarşılıqlı anlaşmaya çağırır. Dinlərarası və sivilizasiyalararası dialoqa töhfələri, milli mənəvi dəyərlərə ehtiramı ilə birinci xanım həm də yeni minillikdə qədim dəyərlərin hamisidir. Sivilizasiyalararası dialoqda gənclərin, elm və mədəniyyət xadimlərinin roluna hər zaman önəm verən Heydər Əliyev Fondunun prezidenti Azərbaycanda bu mövzularda beynəlxalq konfranslar, forumlar, sammitlər, simpozium və festivallar təşkil edir.
Bakı Dövlət Universitetinin sosial və pedaqoji psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Kamilə Əliyeva çıxışında bildirib ki, “Mehriban Əliyeva: tərəqqi və yüksəliş yolları ilə” kitabının nəşri ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisədir. Çünki bu kitab oxuculara Azərbaycanın keçdiyi şərəfli inkişaf yoluna fərqli rakursdan nəzər salmağa, eyni zamanda, qazanılmış uğurların miqyasını təsəvvür etməyə imkan verir. Bu ikicildlikdə toplanmış materiallarla tanışlıq hər bir oxucuda inam yaradır ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin ideyaları yaşayır və yaşayacaqdır.
Professor Kamilə Əliyeva vurğulayıb ki, Azərbaycanın dövlətçilik tarixində yeni bir institutun – birinci xanım institutunun formalaşması Mehriban Əliyevanın adı ilə bağlıdır. Məhz Mehriban Əliyevanın fəaliyyəti sayəsində bu institut dövlət və cəmiyyət həyatının mühüm elementinə çevrilib.
Alim deyib ki, Azərbaycanda mərhəmət, qayğı və xeyriyyəçilik ənənələrinin dirçəldilməsi də Heydər Əliyev Fondunun prezidentinin adı ilə bağlıdır. Azərbaycanın birinci xanımının fəaliyyətinin əsas istiqamətlərindən biri də dövlət və cəmiyyət üçün strateji əhəmiyyət kəsb edən məsələlərin üzə çıxarılması və lazımi tədbirlərin görülməsidir.
Mehriban Əliyevanın həm də güclü təşkilatçılıq bacarığına malik olduğunu deyən kafedra müdiri K.Əliyeva bildirib ki, Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin yüksək səviyyədə hazırlanıb keçirilməsinə Azərbaycanın birinci xanımı rəhbərlik etmişdir. Bildiyiniz kimi, Mehriban Əliyeva həm də Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədridir. Heç bir şübhə yoxdur ki, gələn il Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları da yüksək səviyyədə təşkilatçılığı ilə tarixdə qalacaqdır. Təbii ki, bütün bunlar Azərbaycanın birinci xanımının çoxşaxəli fəaliyyətinin müəyyən məqamlarıdır. Mehriban Əliyevanın olduqca zəngin fəaliyyətini əks etdirmək üçün bir və ya iki cild kifayət deyil və bundan sonra da neçə-neçə kitablar nəşr olunmalıdır. Kitab hazırlanan zaman Azərbaycanın birinci xanımının fəaliyyətinə konseptual yanaşmaya, mühüm elmi nəticələr çıxarmağa kömək edən materiallara üstünlük verilib.
Professor Kamilə Əliyeva vurğulayıb ki, bu kitab oxucularda həm də ölkəmizin müasir tarixi barədə təsəvvür yaradacaq.
 Milli Məclisin deputatı, AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov deyib ki, Mehriban Əliyeva sadəcə Prezidentin həyat yoldaşı kimi deyil, həm də gündəlik xeyirxah fəaliyyəti, nəcib əməlləri ilə Azərbaycanın birinci xanımı olduğunu təsdiqləyib.
Mehriban Əliyevanın yaratdığı Azərbaycan Mədəniyyəti Fondunun gördüyü işlərdən söhbət açan R.Hüseynov bu qurumun mədəniyyətimizin böyük simalarına dayaq olduğunu, onların rifahının yaxşılaşması üçün çoxlu layihələrə imza atdığını bildirib. O, qeyd edib ki, son illərdə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin inkişafı və dünyada təbliği sahəsində misilsiz işlər görüb və bu, özünü təqdimatına toplaşdığımız ikicildlikdə bir daha təsdiq edir.
R.Hüseynov bildirib ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyevin Fondu dünyanın müxtəlif yerlərində möhtəşəm tədbirlər keçirməklə kifayətlənmir, həm də yeni nəşrlərlə Azərbaycanı, onun dəyərlərini təbliğ edir. Heydər Əliyev Fondunun prezidenti musiqi irsimizə sahib çıxdı, muğamı bütün dünyada şöhrətləndirdi. Bunun özündə də azərbaycançılıq ideyası dayanır ki, bu ideya ətrafında minlərlə, milyonlarla insan bir araya gəlir.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə Mehriban Əliyevanın milli musiqimizin inkişafı istiqamətində gördüyü mühüm işlərdən danışıb. Bildirib ki, bu sahədə reallaşdırılan layihələr Azərbaycan musiqisini beynəlxalq səviyyəyə qaldırıb. Son illər keçirilən mədəniyyət günləri, konsertlər, təqdimatlar musiqimizin bəşəri olduğunu, insanlar arasında ünsiyyət yaratdığını sübut edir.
Birinci xanımın təşəbbüsü, diqqəti və dəstəyi sayəsində artıq muğam böyük bir simfoniya kimi bütün dünyaya yayılıb. Məhz bunun nəticəsidir ki, beynəlxalq muğam festivallarında dünyanın ayrı-ayrı ölkələrindən tanınmış musiqiçilər böyük həvəslə iştirak edirlər.
Bu gün Azərbaycan musiqisinin çox böyük sürətlə inkişaf etdiyini söyləyən F.Əlizadə qeyd edib ki, bu, təkcə muğamla bağlı deyil. Bildirib ki, Heydər Əliyev Fondunun rəhbərliyi ilə “Üzeyir dünyası” adlı möhtəşəm layihə artıq yekunlaşıb. Hazırda digər belə mühüm layihələr üzərində iş gedir.
Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı kitab haqqında məlumat verərək bildirib ki, 11 fəsildən ibarət toplunun birinci cildində Mehriban Əliyevanın çıxışları, nitqləri, çoxşaxəli fəaliyyətinin bəzi məqamları, Azərbaycan təhsilinin və səhiyyəsinin inkişafındakı rolu öz əksini tapıb. İkinci cilddə isə Azərbaycan qadınının diplomatik fəaliyyətinin bəzi cizgiləri, birinci xanımın Azərbaycan xalqının mədəniyyət və incəsənətinin inkişafında və təbliğindəki rolu, onun xeyriyyəçilik fəaliyyətindən söhbət açılır. Bu cilddə Mehriban Əliyeva haqqında yazılan məqalələrin bir qismi də toplanıb. Kitabda Azərbaycanın birinci xanımının müxtəlif görüşlərdə, konfrans və forumlarda iştirakını əks etdirən fotoşəkillərin də yer alması kitabın dəyərini daha da artırır.
Aqiyə Naxçıvanlı deyib: “Kitab üzərində işləyərkən Mehriban Əliyevanın fəal, zəngin, çoxşaxəli ictimai-siyasi fəaliyyətinin yeni-yeni yüksəklikləri fəth etdiyinə bir daha əmin olduq. Heydər Əliyev Fondunun prezidentinin bütün çıxışlarının əsas qayəsi Azərbaycandır, Azərbaycan xalqıdır, azərbaycançılıq məfkurəsidir. Azərbaycan qadınının liderlik tarixində ən layiqli yer tutan Mehriban Əliyeva haqqında hələ çox kitablar yazılacaq. Biz də təqdim edilən kitabın növbəti nəşrlərini hazırlayacağıq. Bu kitablarda qədimlərin əfsanəsi yox, xalqın gözü qarşısında yazılan tarixin canlı əfsanəsi, təkcə ölkəmizdə deyil, dünyada böyük nüfuz sahibi olan Mehriban Əliyevanın zəngin fəaliyyəti işıqlandırılacaq”.
Tədbirə yekun vuran Hicran Hüseynova kitabın əhəmiyyətini bir daha vurğulayaraq bildirib ki, Azərbaycanın birinci xanımının genişmiqyaslı fəaliyyəti, onun humanist missiyası ilə yaxından tanış olmaq üçün bu nəşr çox dəyərli mənbədir.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2022    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930